نظامی گنجوی
Nizami Gəncəvi
Nizami Gəncəvi- (təxəllüsü, əsil adı –
İlyas Yusif oğlu) (1141-1209-cu il) – Azərbaycanın görkəmli şairi və
mütəfəkkiri olmuşdur. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində
təhsil almış, şəxsi mütailəə sayəsində orta əsr elmlərini mükəmməl
öyrənmiş, xüsusən yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına
yaxından bələd olmuşdur.
Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina
etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci ildə
Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi
qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd
anadan olmuşdur. Nizami Gəncəvi yaradığılıca lirik şe`rlərlə
başlamışdır. Əsərlərindən mə`lum olur ki, şair böyük divan yaratmış,
qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami lirikası
yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi
haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami dünya
ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət
(“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi
gözəl”, “İsgəndərnamə”) “Xəmsə” (Beşlik) müəllifi kimi daxil olmuşdur.
Nizami Gəncəvinin ilkin Şərq Renessansın zirvəsi olan
yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial
və mə`nəvi-əxlaqi ideyaları parlaq bədii əksini tapmışdır.
İnsanın daxili aləmini, hiss və duyğularının təsviri, baş qəhrəmanların
xarakterlərinin dinamik inkişafda verilməsi Nizami ədəbi məktəbinin
əsas qayəsini və məzmununu təşkil edir. Məhəbbət mövzusunun Şərq
ədəbiyyatında geniş yayılaraq, ictimai-bəşəri ideallarla, humanist
məzmunla zənginləşməsində Nizami Gəncəvi poemalarının mühüm rolu
olmuşdur. Nizami Şərq ədəbiyyatında ilk dəfə məhəbbəti fəlsəfi mə`nada
şərh edərək, nəcib məhəbbət konsepsiyasını yaratmış, onu insan
azadlığı, vicdan azadlığı və mə`nəvi təkamül problemləri ilə
bağlamışdır.
Nizami Gəncəvi Yaxın Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək
humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirmiş, Şərq
ədəbiyyatlarında yeni bir istiqamət açmışdır. Nizami ədəbiyyatı həmişə
həyatla əlaqələndirməyə çalışmış, öz mövzularını tarixdən almasına
baxmayaraq, onlara müasirlik baxımından yanaşmış, böyük humanist şair
olaraq insanı, insan ləyaqətini tərənnüm etmişdir. O, xalqın istək və
arzularını, xalq yaradıcılığından və təfəkküründən əxz etdiyi müdrik
fikirlərini yüksək sənət dili ilə ifadə etmiş, həm ideya, həm də
sənətkarlıq cəhətdən kamil bədii əsərlər yaratmışdır.
Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını yüksək
insani sifətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. Nizami
cəsarəti, mərdliyi və gözəl əxlaqı ilə seçilən mübariz qadın
obrazlarını insani keyfiyyətlərdən məhrum kişilərə qarşı qoyur, qadının
həyatın müxtəlif sahələrdə kişilərlə bərabər çalışmağa qadir olduğunu
sübut edir. Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq əməyi
insanın bütün başqa canlılardan fərqləndirən həyati tələbat kimi
tərənnüm etmişdir. Şairə görə yalnız əməkçi insan hörmət və məhəbbətə
layiqdir.
Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. O bütün əsərlərdə
təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş
qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Nizaminin əsərlərində
vətən təbiətinin gözəllikləri tərənnüm olunur. Onun yaradıcılığında
azərbaycan şifahi xalq ədəbiyyatından – dastan, əfsanə, nağıl və atalar
sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Nizami Gəncəvinin
süjetləri isə, öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli tə`sir
göstərmişdir.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə
olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Moskva,
Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstambul,
Dehli, London, Paris və s. şəhərlərin məşhur kitabxana, muzey və
əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamışdır.
XVII əsrin sonundan Avropa və Rusiyada Nizami Gəncəvi irsinə maraq
artmış, əsərləri ingilis, alman, fransız, italyan, ispan, rus, yapon və
s. dünya dillərinə tərcümə olunmuş, həyat və yaradıcılığı öyrənilmişdir.
گئتمک ایسته ییرسن بهانه سیز گئت